Türkiyə Super Liqasının 26-cı turunda “Kayserispor” İstanbulda “Başakşəhər” futbolçuları ilə üz-üzə gəlib.

Recep Uçarın komandadan ayrılmasının ardınca baş məşqçi postuna təyin olunan Burak Yılmaz yenə də azarkeşləri sevindirib. Bundan əvvəlki matçlarda 2 qələbə, 1 heç-heçə edən Burak Yılmazın komandası uğurlu nəticəni davam etdirib. İlk hissədə Kayseri futbolçuları iki qol vurub. Dyukens Nazon hesabı açıb. Ardınca Ali Karimi fərqi artırıb. Fasilədən sonra Deniz Türüç buraxılan toplardan birinin əvəzini çıxıb. 84-cü dəqiqədə qonaqlar daha bir qol vurublar. Aylton Boa Morte rəqibi növbəti dəfə mərkəzə dəvət edib. Az sonra Hamza Güleler fərqi minimuma endirib. Əsas vaxta artırılan dəqiqələrdə “Başakşəhər” məğlubiyyətdən qurtulmaq üçün əla fürsət əldə etsə də Kişiştof Pyontek penaltini yerinə yetirə bilməyib. “Başakşəhər” – “Kayserispor” 2:3.

“Beşiktaş” isə İstanbulda “Konyaspor”la üz-üzə gəlib. İlk hissədə hesab açılmayıb. Fasilədən sonra “qara qartal” ardıcıl qolla görüşün taleyini həll edib. Milot Raşitsanın ötürməsini Semih Kılıçsoy qola çevirib. Çox keçmədən Cenk Tosun növbəti dəfə “Beşiktaş” azarkeşlərini sevindirib. “Beşiktaş” – “Konyaspor” 2:0.